Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC tələbələri böyük uğura imza atıblar.
Final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və rəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və Azərbaycanda isə 1-ci olublar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev təmsil olunublar.